NURLANA MEMMEDOVA
…Bu o zamandı ki, mən böyüyürdüm, nənəm balacalaşırdı.
Nənəm mənə mücərrəd və qəribə görsənirdi. Onda onun qəribəliyinin səbəbi bilmirdim. İndi anlayıram, mənim nənəm şair idi. Özü də sözün bütün mənalarında. Təkcə sözləriylə yox, həm də əməlləriylə. Tez- tez jaketinin ciblərini doldurub məktəb yolunda durar, dərsdən qayıdan uşaqlara konfetləri, yayda təndirin üstündəki taxtaya sərib günəş altında qurutduğu zoğal və alma qurularını paylayardı. Onun əməlindən çox dediyi pərakəndə sözlər məni heyrətləndirərdi: “Fağırlar, aç susuz dərsdən qayıdırlar, hələ evlərinə nə qədər yol var…”
Nənəm qız övladlarını, qız nəvələrini də “oğul” deyə çağırırdı və bu mənim çox xoşuma gəlirdi. Bir dəfə məndən soruşdu:
– Ay oğul, bu qədər kitab oxuyursan, nəçi olacaqsan böyüyəndə?
Yazıçı:
– mən fikirləşmədən və bir az da lovğalıqla cavab verdim.
Nənəm gözlərini məchul bir nöqtəyə dikib dedi:
-Ehh, yazıçı olmağa nə var, kitab yazmağa nə var… yazırsan; toxumlar ölür, sonra yavaş yavaş cücərir, daha sonra göylərə ərir…
Mən qəhqəhə çəkdim:
– Ay nənə, sən lap elmi traktat yazdın ki…
Nənəm həmişə öz aləmində hansısa bayatıları, laylaları söyləyirdi. Hərdən də əllərini stola vurub ritm tuturdu. O bunları mənim anlamadığım hansısa səbəbə görə “namə” adlandırırdı. Bütün bu namələri o özündən qoşurdu. Bəziləri ağlamalı, bəziləri gülməli olurdu.
Onda həvəsə düşüb mən də çox istəyirdim ki, bircə bənd də olsa şeir qoşum, amma heç cür alınmırdı. Qurduğum cümlələr nənəminki kimi şirin alınmırdı. Adi, nəqli cümlələri yazmağa nə var ki, hünərin var əqli cümlələr ərsəyə gətir. Nənəm deyirdi ki, onları hamı söyləyə bilməz, onlar göydən gəlir və hər adamın qəlbinə yağmır… O, cürbəcür mahnıları, bayatıları həm işləyəndə oxuyurdu, həm də sakit dayanıb gözləri yol çəkəndə…
Bir dəfə nənəmin harasa öpüş göndərdiyini gördüm.
-Ay nənə, kimi öpürsən?
-Gözəgörünməzi.
-Niyə?
-Sevirəm onu.
Bəlkə də nənəm göydən gələn o sözlərə görə öz tanrısına minnətdarlıq edirdi.
Nənəmin duaları başqa cür idi. Müqəddəs kitabdakı dualardan deyildi. Mən onun dediyi hər şeyi başa düşürdüm. O çox sadə dildə tanrısı ilə danışırdı. O, çox əmin idi ki, tanrı onu hər vəziyyətdə dinləyir… Mən ondan cənnət- cəhənnəm barədə soruşanda, – onsuz da mən cənnətə gedəcəyəm, – deyirdi.
Və bir gün mənim şair nənəm çarpayının yanında oturub sökülmüş corabları yamayanda əbədi yuxuya getdi. İynəsi sapı əlində… özü də yumağa dönmüşdü…
Nənəmi aynəbəndin ortasında uzatmışdılar. Qadınlar cənazəni dövrəyə alıb ağı deyirdilər. Yaxınlarda – bir ay öncə atası rəhmətə getmiş dayım arvadı isə deyirdi: “Ay ana, ay ana, bizi qoyub gedən ana! Məktub versəm, atama apararsanmı, ay anaa?!” Xalam da məktəb vaxtı əzbərlədiyi şeirlərdən parçalar deyib ağlayırdı. Mənə elə gəlirdi ki, nənəmin ruhu onlara baxıb gülür.
Mənim ağlamağım gəlmirdi, əksinə, hirslənirdim ki, onlar mənim işıqlı ipək nənəmə niyə belə sönük, kobud ağlayırlar axı…
Sən düz deyirmişsən, nənəcan, düz deyirsənmiş ki, hər insan söz deyib, ağı, bayatı qoşammaz… Bu fikirlərlə aynabəndi tərk edib nənəmin otağına keçdim və artıq onun üçün bəlkə də, hamıdan çox darıxmağa başlayan çarpayısında uzandım. O biri otaqdan isə səs – küy gəlirdi;
Və onda mənim bu yaşa qədər hələ də anlamadığım o hadisə baş verdi qəfildən nənəmin səsini eşitdim:“Gördün, sənə demişdim, cənnətə gedəcəm?!” Gözlərimi açdım və nənəm başımın üstündə yaylıqla uçduğunu gördüm. Yerimdən dik atıldım. Otaqda heç kəs yox idi. Bu yuxu idimi? Cəld qapıya qaçdım, qapını açanda həyətdə nənəmin cənazəsini dayılarımın çiynində gördüm, onu son mənzilə yola salırdılar. Mən çaşıb qalmışdım, heç kəsə deyə bilmədim ki, nənəm indicə orda başımın üstündə yaylığının üzərində uçurdu…
Bu əhvalat heç bir zaman mənim yadımdan çıxmır. Mən yasda ağlamamışdım, illər sonra bu hadisəni sətirlərə köçürəndə hönkürtü ilə ağladım. Anladım ki, nənəm məni özünə hamıdan yaxın bilib, gözümə görünüb ki, ondan narahat olmayım.
İllər keçib, mən o namələri bir bir yadıma salıram və nənəm üçün darıxıram…